Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin (ABFTC) birgə layihəsi çərçivəsində xarici ticarətin maliyyələşdirilməsinə həsr olunmuş maarifləndirici forum keçirilib.
Forumda Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyasının (AGTL) üzvləri də iştirak ediblər.
Tədbir Azərbaycan sahibkarlarının xarici ticarət imkanlarının genişləndirilməsi, ticarətin maliyyələşdirilməsi alətlərindən istifadənin təşviq edilməsi, eləcə də xarici ticarət əməliyyatları ilə bağlı praktiki bilik və bacarıqların artırılması məqsədilə təşkil olunub.
Unibank KB ASC-nin sahibkar müştərilərinin iştirakı ilə keçirilən forumda gömrük və logistika proseslərində vaxt, xərc və risklərin idarə edilməsi, həmçinin sahibkarların xarici ticarət əməliyyatlarını asanlaşdıran yeniliklər müzakirə edilib.
Tədbir çərçivəsində gömrük və logistika sahəsində mövcud təcrübələr, xarici ticarət əməliyyatları zamanı qarşıya çıxan çətinliklər və onların aradan qaldırılması yolları barədə fikir mübadiləsi aparılıb. Panel müzakirələri zamanı sahibkarların sualları cavablandırılıb, praktiki yanaşmalar və mümkün həll yolları diqqətə çatdırılıb.
Layihə çərçivəsində 120-yə yaxın kiçik və orta biznes (KOB) nümayəndəsi ilə aparılmış sorğu və mentorluq görüşləri əsasında sahibkarların xarici ticarət sahəsində əsas ehtiyacları və qarşılaşdıqları çətinliklər müəyyən edilib.
AGTL üzvlərinin forumda iştirakı gömrük təmsilçiliyi və logistika sahəsində fəaliyyət göstərən şirkətlərin təcrübə mübadiləsi, sahibkarların ehtiyaclarının öyrənilməsi və xarici ticarət proseslərinin təkmilləşdirilməsi baxımından əhəmiyyət daşıyıb.








