Dekabrın 2-də KOBİA yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib. Şuraya 15 vətəndaş cəmiyyəti institutunun nümayəndələrindən ibarət yeni üzvlər seçilib.
İclasda şuranın sədri, sədrin müavini və katibi seçilib. Belə ki, növbəti iki ildə KOBİA yanında İctimai Şuraya “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov rəhbərlik edəcək. “Azərbaycan Turizm Agentlikləri Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov İctimai Şuranın sədr müavini, “Davam Gənclər Hərəkatı” İctimai Birliyinin İdarə Heyətinin sədri Nihad Allahyarlı isə şuranın katibi vəzifəsinə seçilib.
İclasda KOBİA yanında İctimai Şuranın gələcək fəaliyyətinə və 2023-cü il üzrə Tədbirlər Planına dair fikir mübadiləsi aparılıb və #şura üzvlərinin təklifləri dinlənilib.
Azərbaycan Gömrük Broker Xidməti Şirkətlərinin Assosiasiyası İctimai Birliyi (AGBA) şuraya üzv seçilməsi üçün bizə etimad göstərən vətəndaş cəmiyyəti institutlarına təşəkkür edirik.