13 avqust Bakı KOB Evində Logistika Komitəsinin G2B formatda görüşü keçirilib. Görüşdə dövlət qurumlarının nümayəndələri və Assosiasiyaya üzv olan logistika şirkətlərinin rəhbərləri iştirak ediblər.
Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) sədri Vüsal Qasımov çıxış edərək Assosiasiyanın fəaliyyəti, ölkənin logistika imkanları, Zəngəzur Dəhlizinin regional nəqliyyat əlaqələrinə verə biləcəyi töhfələr və beynəlxalq yükdaşımaların rəqabət qabiliyyətinin artırılması istiqamətində görülən işlər barədə məlumat verib. Görüşdə Daxili İşlər Nazirliyi (DİN), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Gömrük Komitəsi (DGK) və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) nümayəndələri çıxış edərək ölkənin logistika sektorunun təkmilləşdirilməsi və institutional inkişafı, ölkənin tranzit potensialı əsaslanaraq səmərəli addımların atılması üzrə öz fikirlərini bildiriblər.
Müzakirələr zamanı beynəlxalq yükdaşımaların fasiləsizliyinə təsir göstərən amillər, sərhəd-keçid məntəqələrində yaranan gecikmələr, yük nəqliyyat vasitələrinin xarici marşrutlarda üzləşdiyi çətinliklər, həmçinin nəqliyyat vasitələrinin postlarda əsassız saxlanılması ilə bağlı məsələlərə toxunulub. Tədbir çərçivəsində qarşılıqlı sual-cavab sessiyası təşkil olunub, iştirakçıların irad və təklifləri dinlənilib, onların həlli istiqamətində mümkün addımlar nəzərdən keçirilib.
Görüşün yekununda mövcud problemlərin həlli istiqamətində dövlət qurumları ilə Assosiasiyaya üzvlərinin əməkdaşlığının gücləndirilməsi barədə razılıq əldə olunub.