Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda fəaliyyət göstərən Ticarətin Asanlaşdırılması Mərkəzində gömrük təmsilçiləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA- nın əməkdaşları və sahibkarlarla görüş keçirilib.
Gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, yeniliklərlə bağlı biznes subyektlərinin məlumatlandırılması məqsədilə keçirilən görüşdə gömrük sistemində rəqəmsallaşmanın genişləndirilməsi, xidmətlərin əlçatanlığının artırılması üçün tətbiq edilən “ÖZÜNET” platforması, “Məcburi qərarlar” sistemi, “Səlahiyyətli İqtisadi Operator” proqramı, ödənişlərin onlayn qaydada reallaşdırılması, könüllü riayət prinsipinin təşviqi istiqamətində həyata keçirilən təkmilləşdirilmələrlə bağlı iştirakçılara məlumat verilib.
Həmçinin malların kodunu əvvəlcədən müəyyən etməyə imkan verən “XİF MN Tövsiyə Sistemi”ndən istifadə qaydası əyani şəkildə izah olunub.
Yekunda iştirakçıların rəy və təklifləri dinlənilib, suallar ətraflı cavablandırılıb.