Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) və “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb
Sentyabrın 24-də Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) ilə “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Memorandum AGTL-in sədri Vüsal Qasımov və “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin İdarə Heyətinin sədri Araz İmanov tərəfindən imzalanıb.
Sənəd gömrük rəsmiləşdirilməsi, idxal-ixrac əməliyyatları və logistika sahələrində təcrübə mübadiləsinin genişləndirilməsini, təchizat zəncirinin dayanıqlığının və üzv şirkətlərin fəaliyyət səmərəliliyinin artırılmasını nəzərdə tutur.
Əməkdaşlıq çərçivəsində, həmçinin aidiyyəti qanunvericilik və normativ hüquqi akt layihələrinin ictimai müzakirəsində iştirak, dövlət qurumlarına sektor üzrə rəy və təkliflərin təqdim edilməsi imkanları yaradılır.
Bu əməkdaşlıq tənzimləyici yeniliklərin praktiki təsirlərinin qiymətləndirilməsinə və mümkün icra çətinliklərinin azaldılmasına töhfə verəcək.

