“Bakı KOB evi”ndə Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyası (AGTL), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), “TOBB UND Lojistik Yatırım AŞ” (TOBBUND), və KOB Xarici İqtisadi Fəaliyyətinə Dəstək Operatoru (XİFDO) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Sənədi AGTL-in icraçı direktoru Vüsal Qasımov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, TOBBUND-un baş direktoru Mehmet Uylukçu, XİFDO-nun icraçı direktoru Kamran Həbibov imzalayıblar.
Anlaşma Memorandumunda Azərbaycan və Türkiyə daşıyıcılarının və müvafiq sahədə fəaliyyət göstərən #KOB-ların xarici iqtisadi fəaliyyətinə dəstək məqsədilə tədbirlər, o cümlədən #tranzit və #logistika sahəsində məlumat və təcrübə mübadiləsi, birgə tədbir və layihələrin hazırlanması və həyata keçirilməsi, işgüzar əlaqələrin inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyət nəzərdə tutulur.
İmzalanma mərasimi çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, “TOBB UND Lojistik Yatırım AŞ”nin baş direktoru Mehmet Uylukçu, Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyasının icraçı direktoru Vüsal Qasımov və KOB Xarici İqtisadi Fəaliyyətinə Dəstək Operatorunun icraçı direktoru Kamran Həbibov arasında keçirilən görüşdə müvafiq Anlaşma Memorandumundan irəli gələn məsələlər və #əməkdaşlıq imkanları müzakirə edilib.