15 oktyabr 2025-ci il tarixində “Ticarətin Asanlaşdırılması Milli Komitəsi”nin ilk iclası keçirilib.
Tədbirin əsas məqsədi ticarət prosedurlarının sadələşdirilməsi, gömrük proseslərinin təkmilləşdirilməsi və biznes mühitinin yaxşılaşdırılması istiqamətində koordinasiyanın gücləndirilməsi olub.
İclasda Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının (AGTL) sədri Vüsal Qasımov çıxış edərək Komitənin fəaliyyətinin iqtisadiyyatın liberallaşdırılması, ticarətin asanlaşdırılması, gömrük və logistika sektorunun inkişafı baxımından əhəmiyyətini vurğulayıb.
Görüşün gündəliyinə bir sıra mühüm məsələlər daxil edilib. Əsas müzakirə mövzuları bunlar olub:
•Komitənin fəaliyyət istiqamətləri və təşkilati strukturunun təsdiqi;
•Beynəlxalq öhdəliklərin, o cümlədən ÜTT-nin Ticarətin Asanlaşdırılması Sazişi çərçivəsində Azərbaycanın cari öhdəliklərinin icra vəziyyəti;
•“BMT Qlobal Sorğusu – Rəqəmsal və Davamlı Ticarətin Asanlaşdırılması” nəticələrinin dəyərləndirilməsi;
•Milli qanunvericiliyin Avropa İttifaqı və Kioto Konvensiyası standartlarına uyğunlaşdırılması istiqamətində təkliflər;
•Ticarətin rəqəmsallaşdırılması, “Kağızsız ticarət” və “Vahid pəncərə” sistemlərinin genişləndirilməsi təşəbbüsləri;
•KOB-lar üçün asanlaşdırılmış gömrük və lisenziyalaşdırma mexanizmlərinin təqdimatı.
İclasın sonunda təqaüddə olan gömrük xidməti general-mayoru Cavad Qasımov "Ticarətin Asanlaşdırılması Milli Komitəsi"-nin sədri kimi rəsmi şəkildə təsdiq olunub və növbəti mərhələdə fəaliyyət istiqamətlərinə dair işçi qruplarının formalaşdırılması və fəaliyyət planının hazırlanması qərara alınıb.