Dövlət Gömrük Komitəsi KOB-lar üçün “G2B xidmətlərinin səmərəli təşkili” nominasiyası üzrə “Dayaq”mükafatı ilə təltif olunub.
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov KOB-lar üçün əlçatan, rahat və şəffaf DGK və KOBİA birgə dəstək xidmətlərinin təşkilinə DAYAQ olmasına görə bu mükafatla təltif edilib.
2023-cü ildə cənab Prezident İlham Əliyevin açdığı Bakı KOB Evində "Bakı KOB" gömrük postu və "KOB Gömrük Anbarı", Qazax rayonunun gömrük sərhəd keçidində isə "KOB Dostu" məntəqəsi təşkil olunub.
Sahibkarların ölkə iqtisadiyyatına verdiyi töhfə nəzərə alınaraq, artıq 2 ildir ki, özəl bölmənin təmsilçilərinə “Dayaq” mükafatı təqdim edilir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təsis edilmiş “Dayaq” mükafatının məqsədi biznesində innovativ və müasir yanaşmalar tətbiq edən, ixracyönümlü məhsul və xidmətlər istehsal edən şirkətləri mükafatlandırmaqla onları stimullaşdırmaq, eləcə də sahibkarların qazandıqları uğurları ictimaiyyətin diqqətinə çatdırmaq, biznes düşüncə tərzini təşviq etmək, dövlət və özəl sektor arasında əlaqələri daha da möhkəmləndirməkdir.
2024-cü ildə də DGK və KOBİA-nın birgə dəstək xidmətlərinin genişlənməsi gözlənilir.