17.12.2024-cü il tarixində Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə Bakıda “Gömrük-Biznes Forumu 2024” keçirilib.
Forumunun məqsədi gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, cari il ərzində həyata keçirilən və gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələrin özəl sektorun və digər maraqlı tərəflərin nümayəndələri ilə birgə müzakirəsinə imkan yaradacaq işgüzar platformanın formalaşdırılmasıdır.
Forumda Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının rəhbərliyi, əməkdaşları və üzv şirkətlərin rəhbərləri iştirak edib. Biznes Forumunda gömrük və logistika sektorunun aparıcı #KOB subyektləri, xarici ticarət iştirakçıları ilə Dövlət Gömrük Komitəsi arasında qarşılıqlı əməkdaşlıq, rəqəmsal təkmilləşmə və səmərəli fəaliyyətlə bağlı mövzular üzrə çıxışlar olub. Həmçinin forumda Azərbaycan Respublikasının Prezidentinin köməkçisi Şahmar Mövsümov, Milli Məclisin deputatları, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə heyətinin sədri cənab Orxan Məmmədov və digər dövlət rəsmiləri çıxış edib.
Daha sonra 2025-ci ildən etibarən tətbiqinə başlanacaq gömrük dəyərini qabaqcıl beynəlxalq təcrübə əsasında dəqiq və dürüst, rəqəmsal həllər əsasında müəyyənləşdirən “Rəqəmsal Gömrük Dəyəri”, saxlanc xərclərini azaldılmasına, malların istehlakçıya daha sürətli şəkildə çatdırılmasına, biznes proseslərin çevikliyinin artırılmasına şərait yaradacaq “İkipilləli Buraxılış Sistemi” və daşıyıcılar üçün resursların daha rasional bölüşdürülməsi, sərhədkeçmə və rəsmiləşdirilmə proseslərinin sürətləndirilməsi, logistika işinin səmərəli təşkili və proqnozlaşdırılması baxımından əhəmiyyətli olan “İlkin Məlumatlandırma Sistemi” layihələrinin təqdimatı keçirilib.
Forum öz işini panel müzakirə ilə davam etdirib və sahibkarları maraqlandıran suallar cavablandırılıb.