16 may 2025-ci il tarixində Bakı KOB evində Kiçik və Orta Sahibkarlıq subyektlərinin iştirakı ilə geniş tərkibli görüş keçirildi. Görüş Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi və Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutdu.
Tədbirdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi, eləcə də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri iştirak ediblər.
AGTL rəhbərliyinin açılış nitqi ilə başlayan görüşün əsas məqsədi sahibkarların, xüsusilə də idxal, ixrac sahəsində fəaliyyət göstərən biznes nümayəndələrinin qarşılaşdığı problemləri dinləmək və müvafiq qurumlarla birbaşa dialoq mühitini təmin etmək idi. Tədbir çərçivəsində iştirak edən 100-ə yaxın sahibkar mövcud çətinliklər, prosedur qaydaları və ehtiyac duyulan dəstək mexanizmləri barədə fikirlərini bölüşdü.
Müvafiq dövlət qurumlarının nümayəndələri sahibkarları maraqlandıran sualları cavablandırdı, mövcud proseslər barədə ətraflı məlumat verdi və qarşılıqlı əməkdaşlıq üçün gələcək addımları müzakirə etdilər. Bu cür təşəbbüslər, dövlət və özəl sektor arasında əməkdaşlıq platformalarının genişlənməsinə və sahibkarlıq mühitinin daha da təkmilləşdirilməsinə mühüm töhfə verəcək.