2024-cü ildən etibarən Azərbaycanda yükdaşıma fəaliyyətilə məşğul olan şəxslər növbəti ildən vergiyə fərqli qaydada cəlb ediləcəklər.
Bu Vergi Məcəlləsinə gələn il gözlənilən dəyişiklikdə nəzərdə tutulur. Dəyişikliyə əsasən 2024-cü il tarixdən yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslər artıq məcburi qaydada sadələşdirilmiş vergi ödəyicisi olmayacaqlar.
İndiyədək vəziyyət necə idi?
Bildiyimiz kimi mövcud qanunvericiliyə əsasən yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxlər dövriyyələrindən asılı olmayaraq nəqliyyat vasitəsinin hər tonuna görə 1 manat sadələşdirilmiş vergi ödəyirlər. Yəni 40 ton yükdaşıma qabiliyyəti olan nəqliyyat vasitəsilə Bakı şəhərində yükdaşımanı həyata keçirən vergi ödəyicisinin illik dövriyyəsi 1 milyon manat olsa belə, həmin şəxs aylıq yalnız 80 manat (40 ton*1 manat* 2 əmsal) sadələşdirilmiş vergi ödəyirdisə, artıq nəzərdə tutulmuş dəyişikliyə əsasən növbəti ildən həmin şəxsin dövriyyəsi ümumi qaydada vergiyə cəlb ediləcək.
Bundan sonra necə olacaq?
Yəni şəxsin illik dövriyyəsi 200 min manatdan azdırsa mənfəət (gəlir), dövriyyəsi 200 min manatdan artıq olarsa o zaman həm də ƏDV ödəyicisi olacaqdır və dövriyyəsindən ƏDV hesablayıb büdcəyə ödəyəcək. Əgər vətəndaşlara xidmət göstərəcəksə və dövriyyə 200 min manatdan az olacaqsa, o zaman 2% dərəcəsi ilə sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərə bilər.
Bəs niyə yükdaşıma fəaliyyəti məcburi sadələşdirilmiş rejimin çıxarılıb, ümumi qaydada vergiləndirildi?
Vergi sahəsi üzrə ekspert Anar Bayramovun sözlərinə görə, əsas səbəblərdən bir bu sahədə ciddi şəkildə sui-istifadə hallarının baş verməsidir. Belə ki, qeyd etdiyimiz kimi yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxsin dövriyyəsindən asılı olmayaraq sabit qaydada az məbləğdə sadələşdirilmiş vergi ödəyir. «Təcrübədə rastlaşırıq ki, bəzi şirkətlər öz vergi yükünü azaltmaq məqsədilə yükdaşıma şirkətlərin daşıma ilə bağlı yüksək məbləğdə xərc sənədləri alırlar. Bununla həm süni şəkildə mənfəətlərini az göstərərək az vergi ödəyirlər, həm də pul vəsaitlərini nağdlaşdırırlar».
Məlumat üçün qeyd edək ki, məcburi qaydada sadələşdirilmiş verji rejimində fəaliyyət göstərən yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən elektron qaimə faktura üzrə 2022-ci il ərzində 300 milyon manata yaxın daşıma xidməti göstərilib.
ƏDV qaydası da dəyişir
Digər maraqlı məqam ondan ibarətdir ki, bildiyimiz kimi yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslər mövcud qanunvericiliyə əsasən sadələşdirilmiş vergi ödəyicisidir və ƏDV ödəyərək aldıqları yükdaşıma nəqliyyat vasitələrinə görə ödədikləri ƏDV-ni əvəzləşdirə bilməzlər.
Əgər vergi ödəyicisi 2024-cü ildən ƏDV ödəyicisi olduğu dövrdə həmin nəqliyyat vasitəsini təqdim edərsə o zaman 159.7-ci maddəyə əsasən alarkən ödənilmiş ƏDV-si əvəzləşdirilməyən nəqliyyat vasitələrinin satışı ƏDV-yə cəlb edilməyəcək.
Mənbə: Fed.az