Elvin Əlirzayev, i.ü.f.d. Dövlət Gömrük Komitəsinin Akademiyası
Nicat Kərimov, t.ü.f.d. Azərbaycan Memarlıq və İnşaat Universiteti
Giriş. Tranzit daşımaları, yəni malların bir ölkədən digərinə gömrük nəzarəti altında daşınması, ticarətin fasiləsizliyini təmin edən vacib mexanizmdir (EC, 2021; IRU, 2024). Bu baxımdan, tranzit prosedurlarının standartlaşdırılması və rəqəmsallaşdırılması beynəlxalq yük daşımalarının səmərəliliyini artırır, logistika xərclərini azaldır və çatdırılma müddətlərini qısaldır (EC, 2022; OECD, 2023). T1 sənədi bu prosesdə əsas rol oynayan gömrük sənədlərindən biridir. T1 proseduru, Ümumi Tranzit (Common Transit – CT) sistemi çərçivəsində həyata keçirilir və Aİ (Avropa İttifaqı) və EFTA (Avropa Azad Ticarət Assosiasiyası) ölkələri ərazisindən tranzit malların təhlükəsiz daşınmasını təmin edir (EC, 2021; UNECE, 2023). Bu sənəd malların gömrük nəzarəti altında daşınmasını rəsmi şəkildə təsdiqləyir və gömrük orqanları üçün bütün zəruri məlumatları ehtiva edir (EC, 2022). T1 sənədinin əhəmiyyəti yalnız gömrük nəzarətinin təmin olunmasında deyil, həm də yükdaşımaların səmərəliliyinin artırılması, xərclərin azaldılması və daşıyıcılara çevik çatdırılma imkanlarının təmin edilməsi kimi amillərdə özünü göstərir (OECD, 2023; WCO, 2022). BYD (Beynəlxalq Yük Daşımaları Konvensiyası) sistemi ilə müqayisədə T1 proseduru daha çevik və regional tranzit üçün əlverişli alternativ hesab olunur (IRU, 2024; UNECE, 2023).
T1 prosedurunun tarixi və hüquqi bazası
BYD sistemi özlüyündə unikal deyildir və buna görə də bir çox daşıyıcılar ona alternativ mexanizmlər axtarmağa başlamışdır (IRU, 2024). Mövcud BYD sisteminə alternativ olaraq Avropa gömrük tranzit sisteminin yaradılması zəruriliyi 1968-ci ildə Avropa İqtisadi Birliyi (AİB) ölkələrində Ümumi Gömrük Tarifinin qəbul olunması ilə əlaqədar yaranmışdır (EC, 2021). Ümumi Gömrük Tarifi və gömrük qanunvericiliyinin qəbul edilməsi, yeni ölkələrin AİB-ə qoşulması isə 1987-ci ildə Ümumi Tranzit Konvensiyası və Vahid İnzibati Sənəd Konvensiyasının imzalanmasını asanlaşdırmışdır. Bu Konvensiyaların əsasında 2002-ci ildə “CT” – “ümumi tranzit” gömrük proseduru yaradılmış və Avropa Birliyi ölkələrində, eləcə də Avropa Azad Ticarət Birliyində (İsveçrə, Lixtenşteyn, Norveç, İslandiya) – EFTA-da tətbiq olunmuşdur (EC, 2021; 2022).
CT proseduruna sonradan Çexiya, Slovakiya, Macarıstan, Polşa, Bolqarıstan, Rumıniya, Türkiyə, Ukrayna, Sloveniya, Litva, Latviya, Estoniya və 2025-ci ilin fevral ayından Gürcüstan sistemə daxil olmuşdur (OECD, 2023). CT proseduru xarici T1 və daxili T2 tranzitlərinə bölünür. Xarici tranzit Aİ-yə daxil olmayan ölkələrdən gətirilən mallara tətbiq edilir və malların AB/EFTA-ya daxil olmasını və ya bu ölkələrdən keçməklə tranzitini əhatə edir. Belə yüklərin beynəlxalq daşınması üçün T1 sənədi tərtib olunur. Daxili tranzit – Aİ-də istehsal olunan malların bir Aİ məntəqəsindən digərinə, EFTA ölkələrinin ərazisindən keçməklə daşınmasıdır və T2 sənədi tərtib olunur (EC, 2021; 2022).
Gömrük nəzarəti altında malların CT proseduru ilə daşınması yalnız yük göndərən gömrükxanaya maliyyə zəmanəti verildikdə həyata keçirilir. Maliyyə zəmanətini daşımaya məsul şəxs – “daşıma prinsipialı” təmin edir və göndərən gömrükxanaya lazımi depozit və ya bank zəmanəti təqdim olunur (WCO, 2022). Daşıyıcı tranzit rejimini pozduqda gömrük rüsumlarının ödənilməsinə görə prinsipial məsuliyyət daşıyır. T1 proseduru ilə AB/EFTA ərazisi ilə daşınan mallar sərhəddən keçdikdən sonra gömrük postuna çatdırılmazsa, T1 sənədini yazan prinsipial bütün yüklərin gömrük təmizlənməsi zamanı lazım olan bütün ödənişləri təmin etməlidir (EC, 2021).
Təcrübədə T1 proseduru BYD Konvensiyasının zəmanət sisteminə alternativ olaraq istifadə olunur. Ümumiyyətlə, həm T1, həm də BYD proseduru çox oxşardır. Əsas fərq, BYD prosedurunda zəmanətçi rolunu BYD zəmanət birliyi oynayır, T1 prosedurundan istifadə etdikdə isə, daşıyıcı istənilən prinsipialla – AB/EFTA ölkələrinin gömrük agenti ilə birbaşa əlaqə yarada bilər, ya da daşıyıcının iddialarının ödənilməsinə zəmanət verən birliyin üzvü ola bilər.
T1 prosedurunu rəsmiləşdirərkən, daşıyıcının təhlükəsizlik zəmanəti qoyması və üzvlük haqqını ödəməsi tələb olunmur. T1 bir qədər ucuz başa gəlir, gömrük rəsmiləşdirilməsi zamanı vaxta qənaət edir, eyni zamanda bu prosedur nəqliyyat təşkilatları üçün daha əlverişlidir. T1 proseduru ilə daşınmanın əlavə üstünlüyü, bir avtomobil üçün çatdırılma yerlərinin sayının məhdud olmamasıdır. Bu, daşınmaların kiçik qruplarla formalaşdırılması zamanı daşıyıcının imkanlarını artırır.
Baxılan məsələlərin əksəriyyətində “CT” proseduru BYD sisteminə nəzərən daha üstündür. Eyni zamanda, daşıyıcıların T1 proseduruna keçməsinə mane olan çatışmazlıqlarını da qeyd etmək lazımdır:
T1 proseduru AB və EFTA ölkələri ərazisində tranzit üçün tətbiq olunur və istənilən digər ölkənin ərazisindən tranzitdə bu ölkələrin gömrük orqanlarına çatdırmanın BYD kitabçası variantı kimi digər zəmanətləri lazımdır.
BYD sistemi beynəlxalq səviyyədə, “CT” sistemi isə yalnız AB və EFTA ölkələrində regional səviyyədə qüvvədədir.
Ədəbiyyat icmalı
Beynəlxalq tranzit prosedurları və gömrük nəzarəti mexanizmləri logistika və beynəlxalq ticarət sahəsində geniş tədqiq olunan mövzulardandır. Tədqiqatlar göstərir ki, tranzit sistemlərinin sadələşdirilməsi, rəqəmsallaşdırılması və maliyyə zəmanəti mexanizmlərinin optimallaşdırılması yükdaşımaların sürətinə və logistika xərclərinə birbaşa təsir göstərir (WCO, 2022; OECD, 2023).
Ümumi Tranzit (Common Transit – CT) sistemi və T1 proseduru üzrə araşdırmalar göstərir ki, bu mexanizm Avropa regionunda gömrük prosedurlarının harmonizasiyasını təmin etməklə sərhəd keçid müddətlərini azaldır və tranzit risklərini minimuma endirir (EC, 2021). Xüsusilə NCTS (New Computerised Transit System) elektron platformasının tətbiqi sənəd dövriyyəsinin sürətlənməsinə, risklərin idarə edilməsinin təkmilləşməsinə və logistika əməliyyatlarında şəffaflığın artmasına səbəb olmuşdur (EC, 2022).
UNECE və IRU materiallarında TIR sisteminin əsas üstünlükləri kimi vahid beynəlxalq zəmanət mexanizmi, minimum fiziki gömrük yoxlaması və çoxsaylı ölkələr arasında qarşılıqlı tanınma prinsipi qeyd olunur (UNECE, 2023; IRU, 2024). Bununla yanaşı, bəzi tədqiqatlar göstərir ki, regional tranzit sistemlərinin, xüsusilə CT/T1 prosedurunun, Avropa daxilində daha operativ və iqtisadi cəhətdən səmərəli olduğunu vurğulayırlar (EC, 2021; OECD, 2023).
Araşdırmalar göstərir ki, T1 proseduru regional inteqrasiya səviyyəsi yüksək olan iqtisadi məkanlarda daha effektiv fəaliyyət göstərir, çünki gömrük qaydalarının unifikasiyası və elektron məlumat mübadiləsi tranzit risklərini azaldır (EC, 2022; WCO, 2022). Digər tərəfdən, TIR sistemi qlobal əhatə dairəsinə malik olduğundan uzun məsafəli və çox ölkəli daşımalar üçün daha əlverişli hesab edilir (UNECE, 2023).
Son illərdə aparılan tədqiqatlar rəqəmsallaşdırmanın tranzit prosedurlarına təsirinə xüsusi diqqət yetirir. Elektron bəyannamə, risk əsaslı nəzarət və məlumatların real vaxt rejimində ötürülməsi kimi alətlər tranzit əməliyyatlarının səmərəliliyini artıran əsas amillər kimi qiymətləndirilir (World Bank, 2020; World Customs Organization, 2022). Bu kontekstdə T1 prosedurunun NCTS platforması ilə inteqrasiyası logistika zəncirinin idarə olunmasını optimallaşdıran mühüm institusional yenilik hesab olunur (EC, 2022).
Beləliklə, elmi ədəbiyyat göstərir ki, beynəlxalq tranzit sistemlərinin effektivliyi onların coğrafi əhatə dairəsi, hüquqi harmonizasiya səviyyəsi və rəqəmsal infrastrukturun inkişafı ilə sıx bağlıdır. T1 proseduru regional səviyyədə operativlik və xərclərin azaldılması baxımından üstünlük təşkil etdiyi halda, BYD sistemi qlobal tranzit şəbəkəsində universallığı ilə seçilir. Bu yanaşmaların müqayisəli təhlili beynəlxalq logistika sistemlərinin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir (OECD, 2023; UNCTAD, 2022).
3. T1 sənədinin beynəlxalq tranzitdə rolu və effektivliyinin təhlili
Beynəlxalq tranzit daşımalarında gömrük prosedurlarının səmərəliliyi logistika zəncirinin ümumi performansını müəyyən edən əsas amillərdən biridir (EC, 2021; OECD, 2018). Bu kontekstdə T1 proseduru Ümumi Tranzit (Common Transit – CT) sistemi çərçivəsində malların gömrük nəzarəti altında təhlükəsiz, sürətli və iqtisadi cəhətdən səmərəli daşınmasını təmin edən mühüm mexanizm kimi çıxış edir (EC, 2021; UNECE, 2023). T1 sənədinin effektivliyi gömrük nəzarətinin optimallaşdırılması, tranzit vaxtının azaldılması, maliyyə risklərinin idarə olunması, inzibati xərclərin aşağı salınması və əməliyyat çevikliyinin artırılması kimi bir neçə əsas meyar üzrə qiymətləndirilə bilər (IRU, 2024; WCO, 2022). Aparılan təhlil göstərir ki, bu meyarların əksəriyyəti üzrə T1 proseduru regional tranzit sistemləri arasında yüksək səmərəlilik nümayiş etdirir (OECD, 2023).
İlk növbədə, T1 proseduru gömrük prosedurlarının standartlaşdırılması və hüquqi harmonizasiyası baxımından mühüm üstünlüklərə malikdir. Avropa Birliyi və EFTA ölkələri arasında tətbiq olunan vahid hüquqi çərçivə gömrük orqanları arasında qarşılıqlı etimadı gücləndirir və tranzit əməliyyatları zamanı təkrar yoxlamaların sayını minimuma endirir (EC, 2021; WTO, 2017). Bu isə yüklərin gömrük nəzarəti altında daha operativ hərəkətinə şərait yaradır, sərhəd keçid məntəqələrində yaranan gecikmələri azaldır və logistika zəncirində fasiləsizliyi təmin edir. Xüsusilə elektron tranzit idarəetmə sistemlərinin tətbiqi insan amilindən asılılığı azaltmaqla prosedurların şəffaflığını və idarəçiliyi artırır (EC, 2022).
Tranzit vaxtı və logistika xərcləri baxımından da T1 prosedurunun müsbət təsiri aydın müşahidə olunur. Elektron məlumat mübadiləsi və əvvəlcədən bəyannamə təqdim etmə imkanları sərhəddə gözləmə müddətini azaldır, bu isə nəqliyyat vasitələrinin dayanma vaxtının və yanacaq sərfiyyatının azalmasına səbəb olur (WB, 2020; OECD, 2018). Nəticədə, daşıyıcıların ümumi əməliyyat xərcləri aşağı düşür və çatdırılma müddətlərinin proqnozlaşdırılması daha dəqiq olur (OECD, 2023).
T1 prosedurunun BYD (TIR) sistemi ilə müqayisəsi göstərir ki, regional tranzit daşımalarında T1 daha aşağı inzibati xərclərlə müşayiət oluna bilir (IRU, 2024; UNECE, 2023). BYD sistemində daşıyıcının zəmanət birliyinə üzvlüyü və müəyyən üzvlük haqları tələb olunduğu halda, T1 prosedurunda maliyyə zəmanəti daha çevik mexanizm vasitəsilə – prinsipial üzərindən təmin edilir (IRU, 2024). Bu xüsusiyyət xüsusilə kiçik və orta nəqliyyat şirkətləri üçün əlavə maliyyə yükünü azaldır və bazara çıxış imkanlarını genişləndirir (WCO, 2022).
Risklərin idarə olunması baxımından T1 proseduru müasir gömrük nəzarəti prinsiplərinə uyğun qurulmuşdur. Maliyyə məsuliyyətinin konkret hüquqi şəxs – prinsipial üzərində cəmlənməsi gömrük orqanlarının fiskal risklərini azaldır və tranzit rejiminin pozulması hallarına qarşı effektiv təminat yaradır (WTO, 2017). Eyni zamanda risk əsaslı nəzarət mexanizmlərinin tətbiqi yüksək riskli yüklərin daha ciddi yoxlanmasını, aşağı riskli yüklərin isə sürətlə buraxılmasını mümkün edir (OECD, 2018).
Əməliyyat çevikliyi T1 prosedurunun digər mühüm üstünlüklərindən biridir. Bir nəqliyyat vasitəsi üçün çatdırılma məntəqələrinin sayının məhdudlaşdırılmaması konsolidasiya olunmuş və ya hissəli yüklərin daşınması zamanı daşıyıcılara əlavə imkanlar yaradır (EC, 2021; UNCTAD, 2022). Nəticədə T1 proseduru yalnız gömrük mexanizmi deyil, həm də logistika səmərəliliyini artıran institusional alət kimi çıxış edir.
Bununla belə, T1 prosedurunun müəyyən məhdudiyyətləri də mövcuddur. Əsas çatışmazlıq onun coğrafi əhatə dairəsinin AB və EFTA ölkələri ilə məhdudlaşmasıdır (EC, 2021; IRU, 2024). Tranzit marşrutu üçüncü ölkələri əhatə etdikdə əlavə zəmanət mexanizmlərinin tətbiqi zərurəti yaranır ki, bu da əməliyyat prosesini mürəkkəbləşdirə və daşımaların fasiləsizliyinə təsir göstərə bilər (OECD, 2023).
Ümumilikdə aparılan təhlil göstərir ki, T1 proseduru AB/EFTA məkanında beynəlxalq tranzit daşımalarının təşkili üçün yüksək səmərəliliyə malik institusional mexanizmdir (EC, 2021; UNECE, 2023). Gömrük prosedurlarının sürətləndirilməsi, logistika xərclərinin azaldılması, risklərin effektiv idarə olunması və əməliyyat çevikliyinin təmin edilməsi baxımından T1 sistemi regional tranzit həlli kimi mühüm üstünlüklərə sahibdir.
4. Malın invoys dəyərinə görə optimal tranzit sənədinin seçilməsi
Beynəlxalq avtomobil daşımalarında əsas istifadə olunan sənəd olan BYD kitabçasının (TIR Carnet) dəyəri onun vərəqlərinin sayından asılı olaraq müəyyən edilir. Belə ki, 6 vərəqli BYD kitabçasının qiyməti isə 176 AZN, 16 vərəqli kitabçanın qiyməti 318 AZN, təşkil edir. Bu məbləğlər Azərbaycan Respublikası Mərkəzi Bankının gündəlik İsveçrə frankı–manat məzənnəsinə uyğun olaraq dəyişə bilər.
Alternativ sənəd olan Avropa İttifaqına ixrac olunan yüklərə tətbiq olunan T1 tranzit sənədinin qiyməti isə daşınan malın invoys dəyərindən asılı olaraq formalaşır. T1 proseduruna görə, Aİ üzvü olmayan ölkələrdən gələn mallar üçün gömrük rüsumları və vergilər yalnız Aİ daxilində son təyinat yerinə çatdıqda tutulur. T1 sənədi təyinat gömrük orqanında müvafiq ödənişləri və vergiləri ödəyəcəyinizə zəmanət verməklə yanaşı, vaxt və digər xərcləri azaldır, eləcə də mallara daha yaxşı nəzarət etməyə imkan verir. Cədvəl 1-də malın dəyərinə uyğun olaraq T1 sənədinin qiyməti və zəmanət öhdəliyi göstərilmişdir.
.png)
Mənbə: Worldwide Solution GEO, Gürcüstan. *Qeyd: minimal tarifdir, komissiya daxil deyildir.
T1 sənədi tariflərinə nəzər yetirəndə görürük ki, hər 5,000 dollarlıq əlavə yükə görə 932 dollar təminat verilir. Belə ki, malın dəyəri 29,500 dollardan-100,000 dollara qədər olduqda, hər əlavə 5,000 dollarlıq yükə görə 932 dollar təminat verilir və sığorta haqqı hər pillədə 2-5 dollar artır. Malın dəyəri 100,000-200,000 dollar dəyərində yükə görə, hər əlavə 10,000 dollarlıq yükə görə zəmanət məbləği 1,863 dollar olur. Eləcə də, 200,000-300,000 dollar dəyərində malda yükdə hər əlavə 15,000 dollarlıq yükə görə 2,795 dollar və 300,000-490,000 dollar dəyərində malda yükdə hər əlavə 20,000 dollarlıq yükə görə 3,726 dollar zəmanət verilir. Sığorta haqqı da ümumi tarif üzrə, fərqli hesablamalar olmaqla birlikdə, əsasən 5,000-10,000 dollar dəyərində əlavə yükə görə 5-10 dollar, hər 15,000-20,000 dollarlıq əlavə dəyərə görə təxminən 10-15 dollar sığorta haqqı artır.
T1 tranzit sənədi ilə BYD kitabçasının müqayisəli təhlili göstərir ki, bu iki tranzit mexanizminin tətbiq sahəsi birbaşa malın invoys dəyəri ilə əlaqədardır. T1 tranzit sənədi fərqli iqtisadi modelə əsaslanır. Bu sənəd üzrə zəmanət və xidmət haqqı malın invoys dəyəri artdıqca pilləli şəkildə yüksəlir. Cədvəldən göründüyü kimi, aşağı dəyərli mallar üçün T1 sənədinin həm zəmanət öhdəliyi, həm də ümumi xərci nisbətən aşağıdır. Lakin malın dəyəri yüksəldikcə tələb olunan zəmanət məbləği sürətlə artır və bu, daşınmanın maliyyə yükünü böyüdür. Xüsusilə, 100,000 ABŞ dollarına yaxın və bu həddi aşan mallar üçün T1 mexanizmi iqtisadi baxımdan daha az səmərəli olur, çünki artan zəmanət öhdəliyi dövriyyə vəsaitlərinin bağlanmasına və əlavə xərclərin yaranmasına səbəb olur.
Beynəlxalq avtomobil daşımalarında BYD sistemi vahid gömrük zəmanəti prinsipi üzərində qurulmuşdur və bu zəmanətin maksimal məbləği 100,000 avro təşkil edir. Bu xüsusiyyət BYD kitabçasının əsas üstünlüyü hesab olunur. Belə ki, malın dəyəri artsa belə, zəmanət məbləği dəyişmir və daşıyıcı əlavə milli zəmanət mexanizmlərindən istifadə etmədən bir neçə ölkənin gömrük ərazisindən tranzit keçid həyata keçirə bilir. Nəticədə inzibati prosedurlar sadələşir, sərhəd keçid müddəti azalır və logistika əməliyyatlarının ümumi səmərəliliyi yüksəlir. BYD sistemi üzrə təqdim edilən 100 000 avro (~119,000 dollar) həddi praktik logistikada keçid nöqtəsi sayılır. Başqa sözlə, malın invoys dəyəri bu səviyyəyə qədər olduqda T1 tranzit sənədindən istifadə daha məqsədəuyğun hesab edilə bilər. Çünki bu halda T1 üzrə ödənilən xidmət haqqı və zəmanət məbləği BYD kitabçasının ümumi xərcindən aşağı olur. Lakin malın invoys dəyəri göstərilən həddi keçdikdə BYD kitabçasının tətbiqi iqtisadi və təşkilati baxımdan daha səmərəli olur. Bu zaman zəmanət sabit qalır, əlavə maliyyə yükü olmur və beynəlxalq tranzit prosedurları daha sürətli icra olunur.
Nümunə ilə desək, BYD kitabçası ilə daşınan 100,000 avro dəyərində yükün elə həmin məbləğ qədər zəmanəti vardır. T1-də isə bu yük təxminən 22,165 dollar qarşılanır. Digər tərəfdən, BYD sənədi 100,000 avrodan yuxarı yüklərə əlavə zəmanət artırmır. T1-də də belə zəmanət yoxdur. Deyilə bilər ki, T1 sənədi də 490,000 dollarlıq yükə də BYD sistemində olduğu kimi yekunda 100,000 avroya yaxın zəmanət təklif edir, lakin bunun üçün 425 dollar sığorta haqqı alır. BYD sənədinə təxminən 103 dollar (16 səhifəlik sənəd üçün isə 187 dollar) haqq ödənilməklə malın öz dəyəri qədər zəmanət alınır. Başqa sözlə, əgər ödənilən sığorta haqqına dəyən yük varsa, BYD istifadə oluna bilər. Əsasən, aşağı dəyərli yüklərdə və riskin az olduğu yollarda T1 sənədinin cəlbediciliyi artır. Nəzərə alsaq ki, Avropaya ixracatda daşımalarda yoldakı risklər azalır, sığorta haqqı daşıma xərclərinə əlavədir, bu səbəbdən bəzi şirkətlər T1 yolunu seçə bilər.
Digər tərəfdən, BYD sənədini əldə etmək üçün logistika şirkəti bu sistemə qoşulmalıdır. Bu sənədləşmə prosesi bir neçə rəsmi prosedurdan keçməlidir və bəzi hallarda sənədlər tam olmadıqda (standartlara cavab vermədikdə) BYD sisteminə qoşulma gecikir. Bu halda, T1 sənədi daha cəlbedici ola bilər. Artıq, ötən ildən (01.02.2025) Gürcüstan da T1 sisteminə qoşulduğuna görə, yerli daşıyıcı şirkətlər bu xidməti ABADA və müvafiq brokerlərdən elektron sistem vasitəsilə ala bilər.
5. Azərbaycanda ixracatın və daşımaların strukturu
Son illərdə Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsi artmışdır. Belə ki, 2020-ci ildə 24,472 milyard dollar olan xarici ticarət 2025-ci ildə 49,423 milyard dolara çatmışdır ki, bu da iki dəfədən çox artım deməkdir. Eləcə də, ixracat həcmi bu dövrdə 13,741 milyard dollardan 25,043 milyarda (1,82 dəfə artım) yüksəlmişdir. 2022-ci ildə ixracat həcmi ən yüksək həcmə (38,147 milyard dollar) çatmışdır ki, bu da Avropa İttifaqına ixracın təxminən 2 dəfəyə yaxın artmasıyla (25 milyard dollarla) olmuşdur. İxracatı Avropa İttifaqı, MDB və digər ölkələr üzrə qruplaşdırsaq, görərik ki, Aİ payı (67,7%) çox yüksəkdir. Digər tərəfdən, qeyri-neft ixracatının həcmi 2020-ci ilə görə təxminən 2 dəfə artmışdır. Beləcə, qeyri-neft ixracatı həm məbləğ olaraq (3,6 milyard dollar), həm də ixracatda payı olaraq (14,5%) ən yüksək olmuşdur. Aşağıdakı Qrafikdə 2020-2025-ci illər üzrə ümumi ixrac, Aİ, MDB və digər ölkə qruplarını həcmi, payı, eləcə də qeyri/neft sektoru ixracatını görə bilərik.
Qrafik 1. Azərbaycan Respublikasının ölkə qrupları üzrə ixracı, milyard dollar, % və sektorla.
.png)
İxrac həcmi artdıqca daşımalar da artmışdır. Belə ki, 2000-ci ildə 42,407 milyon ton olan daşımalar (2023-cü ildə 51,283 milyon ton olmaqla) 2025-ci il üzrə 47,595 milyon tona yüksəlmişdir. Bu daşımaların 88%-dən çoxu stasionar daşımaların payına düşür. Avtomobil nəqliyyatı ilə ixrac olunan mallrın həcmi 2000-ci ildə 1,395 milyon ton idisə, hər il artaraq 2025-ci ildə 94% artımla 2,708.4 milyon ton olmuşdur. Stasionar daşımalar bu dövr ərzində 10% artmışdır. Avtomobil daşımaların ümumi ixracda payı (stasionar istisna) 34,6%-dan artaraq 47,4%-ə çatmışdır. Məbləğ olaraq baxsaq, avtomobil daşımaları (stasionar daşımalar istisna olmaqla) ümumi ixracatın 62,6%-ni həyata keçirir. Aşağıdakı qrafikdən də göründüyü kimi, ixracatda avtomobil daşımalarının önəmli yeri vardır.
.png)
5. Nəticə və təkliflər
2025-ci ildə Azərbaycanın qeyri-neft ixracatı həm məbləğ olaraq (3,6 milyard dollar), həm də ixracatda payı olaraq (14,5%) son altı il üzrə ən yüksək olmuşdur. Avtomobil daşımalarının istifadəsinin ümumi ixracda payı (stasionar istisna) 2025-ci ildə 47,4%-ə çatmışdır. Məbləğ olaraq baxsaq, avtomobil daşımaları (stasionar daşımalar istisna olmaqla) ümumi ixracatın 62,6%-ni həyata keçirir. Belə ki, ixracın artırılması üçün bu daşımalarda qayda və şərtlərin optimallaşdırılmasına ehtiyac vardır.
Aparılan tədqiqat göstərir ki, beynəlxalq tranzit daşımalarının səmərəliliyi gömrük prosedurlarının təşkili səviyyəsi, hüquqi harmonizasiya, rəqəmsallaşdırma dərəcəsi və maliyyə təminatı mexanizmlərinin effektivliyi ilə birbaşa bağlıdır. Bu kontekstdə T1 proseduru Ümumi Tranzit (CT) sistemi çərçivəsində regional tranzit daşımalarının sürətləndirilməsi və logistika xərclərinin azaldılması baxımından mühüm institusional alət kimi çıxış edir. Təhlil nəticələri göstərir ki, T1 sənədi gömrük nəzarətinin optimallaşdırılması, tranzit vaxtının qısaldılması, risklərin idarə olunmasının təkmilləşdirilməsi və daşıyıcılar üçün əməliyyat çevikliyinin artırılması kimi əsas göstəricilər üzrə yüksək effektivlik nümayiş etdirir.
Müəyyən edilmişdir ki, Aİ və EFTA ölkələri arasında hüquqi və texnoloji inteqrasiya T1 prosedurunun səmərəli tətbiqini təmin edən əsas amillərdəndir. Elektron tranzit sistemlərinin, xüsusilə NCTS platformasının tətbiqi məlumat mübadiləsini sürətləndirmiş, gömrük nəzarətinin şəffaflığını artırmış və sərhəd-keçid proseslərində gecikmələri azaltmışdır. Bu isə regional ticarət dövriyyəsinin artmasına və logistika əməliyyatlarının proqnozlaşdırıla bilənliyinin yüksəlməsinə müsbət təsir göstərmişdir.
T1 prosedurunun BYD (TIR) sistemi ilə müqayisəli təhlili göstərir ki, hər iki mexanizm beynəlxalq tranzit daşımalarının təhlükəsizliyini və gömrük nəzarətini təmin etməyə yönəlsə də, onların tətbiq sahəsi və funksional üstünlükləri fərqlidir. TIR sistemi qlobal əhatə dairəsinə malik universal tranzit mexanizmi kimi uzun məsafəli və çoxölkəli daşımalar üçün daha əlverişli hesab olunur. Buna qarşılıq, T1 proseduru regional inteqrasiya şəraitində daha aşağı inzibati xərclər, daha sürətli gömrük rəsmiləşdirilməsi və daha çevik logistika imkanları ilə seçilir. Bu səbəbdən T1 və TIR sistemləri rəqabət aparan deyil, bir-birini tamamlayan tranzit mexanizmləri kimi qiymətləndirilə bilər.
Bununla yanaşı, T1 prosedurunun əsas məhdudiyyəti onun coğrafi əhatə dairəsinin Aİ və EFTA ölkələri ilə məhdudlaşmasıdır. Tranzit marşrutunun üçüncü ölkələri əhatə etdiyi hallarda əlavə zəmanət mexanizmlərinin tələb olunması əməliyyat mürəkkəbliyini artırır. Bu isə T1 prosedurunun qlobal tranzit sistemi kimi tətbiq imkanlarını məhdudlaşdırır. Lakin beynəlxalq ticarətdə regional iqtisadi blokların rolunun artması fonunda T1 kimi regional tranzit mexanizmlərinin əhəmiyyəti daha da yüksəlir.
Beləliklə, aparılan təhlil göstərir ki, aşağı və orta dəyərli malların beynəlxalq tranzit daşınmasında T1 tranzit sənədi daha əlverişli maliyyə mexanizmi hesab oluna bilər. Yüksək dəyərli malların daşınmasında isə BYD kitabçası həm sabit zəmanət mexanizmi, həm də prosedur sadəliyi baxımından daha optimal seçim kimi çıxış edir. Bu yanaşma daşıyıcıların və logistika operatorlarının tranzit sənədini seçərkən malın invoys dəyərini əsas iqtisadi meyar kimi nəzərə almasının vacibliyini göstərir.
BYD sisteminə qoşulmada sənədləşmənin bəzən uzun çəkməsi, sığorta olunan malların daşınması üzrə risklərin azalması, Türkiyədən sonra Gürcüstanın da ötən ildən T1 sisteminə qoşulması ilə, əlavə sığorta haqqı ödəmədən malları Avropaya ixrac etmək istəyən daşıyıcılar T1 sənədinə üstünlük verməyə başlamışdır.
Tədqiqatın nəticələrinə əsasən aşağıdakı təkliflər irəli sürülə bilər:
Birincisi, tranzit prosedurlarının daha da rəqəmsallaşdırılması və məlumat sistemlərinin inteqrasiyası T1 mexanizminin effektivliyini artıracaq əsas istiqamətlərdən biridir. Elektron sənəd dövriyyəsinin genişləndirilməsi və real vaxt rejimində məlumat mübadiləsi sərhəd keçid müddətlərini daha da azalda bilər.
İkincisi, T1 prosedurunun coğrafi əhatə dairəsinin genişləndirilməsi, xüsusilə Orta Dəhliz və Şərq-Qərb nəqliyyat marşrutlarında iştirak edən ölkələrin CT sisteminə inteqrasiyası regional ticarətin inkişafına mühüm töhfə verə bilər. Bu istiqamətdə hüquqi harmonizasiya və qarşılıqlı tanınma mexanizmlərinin gücləndirilməsi vacibdir.
Üçüncüsü, kiçik və orta nəqliyyat şirkətləri üçün maliyyə zəmanəti mexanizmlərinin daha çevik formalarının tətbiqi tranzit bazarında rəqabəti artıraraq logistika xidmətlərinin keyfiyyətini yüksəldə bilər.
Dördüncüsü, risk əsaslı gömrük nəzarəti alətlərinin inkişafı və analitik texnologiyaların tətbiqi tranzit təhlükəsizliyini qorumaqla yanaşı prosedurların sürətini də artırmağa imkan verəcəkdir.
Nəticə etibarilə, T1 proseduru beynəlxalq tranzit sistemində regional səviyyədə yüksək səmərəlilik nümayiş etdirən müasir gömrük mexanizmi kimi qiymətləndirilə bilər. Onun rəqəmsal transformasiya, hüquqi inteqrasiya və logistika optimallaşdırılması istiqamətlərində inkişafı gələcəkdə beynəlxalq ticarət axınlarının daha sürətli və təhlükəsiz təşkilinə xidmət edəcəkdir.
İstifadə olunmuş ədəbiyyat
- DGK (2025) Xarici ticarətin vəziyyəti haqqında arayış. Dövlət Gömrük Komitəsi.
- EC (2021). Common Transit Convention and transit procedures in the European Union. Brussels. European Commission.
- EC (2022). New Computerised Transit System (NCTS): Annual report on transit operations. Brussels. European Commission.
- IRU (2024). TIR system: Global customs transit in practice. Geneva. International Road Transport Union
- OECD (2018). Trade Facilitation and the Global Economy. Paris: OECD.
- OECD (2023). Realising the Potential of the Middle Corridor. Paris: OECD.
- UNCTAD (2022). Review of Maritime Transport. United Nations Conference on Trade and Development.
- UNECE (2023). TIR Convention Handbook (10th revised ed.). Geneva: United Nations Economic Commission for Europe.
- WB (2020). Doing Business 2020: Trading across borders. Washington, DC: World Bank.
- WCO (2022). Revised Kyoto Convention: Guidelines on trade facilitation and customs procedures. Brussels. World Customs Organization.
- WTO (2017). Agreement on Trade Facilitation (TFA). Geneva. World Trade Organization

