Giriş
Beynəlxalq avtomobil daşımalarının əsas xüsusiyyətlərindən biri onun gömrük məsələləri ilə bağlı olmasıdır. Gömrük prosedurlarının asanlaşdırılması üçün 15 yanvar 1959-cu il tarixində avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıma sahəsində müvafiq Cenevrə Konvensiyası qəbul edilmişdir. Avropa ölkələrinin çoxu, habelə ABŞ, Kanada və Yaponiya Konvensiyanın iştirakçılarıdır. Azərbaycan Respublikası da 1996-cı ildən Konvensiyanın iştirakçısıdır. 1975-ci ilin BYD Gömrük Konvensiyası (TIR Convention) ümumi və xüsusən də avtonəqliyyat beynəlxalq daşımalarının sadələşdirilməsinə imkan yaratmışdır. TIR Konvensiyası, Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası himayəsi altında hazırlanmış ən effektiv beynəlxalq sənədlərdən biridir və Avropa İttifaqı da daxil olmaqla, 2023-cü ildə İraqın üzv olmasıyla 78 tərəf dövləti əhatə edir. Azərbaycanda TIR sistemini uğurla tətbiq edən və daşıma şirkətlərinə əhəmiyyətli üstünlüklər təqdim edən ölkələrdən biridir. BYD kitabçası beynəlxalq daşımalarda etibarlı, sürətli və qənaətcil həllər axtaran şirkətlər üçün ideal sənəddir.
BYD sistemi beynəlxalq aləmdə
TIR sisteminin uğuru, həmçinin hər il buraxılan TIR Karnetlərin (BYD kitabçalarının) sayı ilə təsdiqlənir. 1992-ci ildə buraxılan TIR Karnetlərinin sayı bir milyonu keçmiş və 2013-cü ildə 3 milyona çatmışdır. 2013-cü ildən etibarən Rusiya Federasiyasında TIR Konvensiyasının tətbiqi ilə bağlı davam edən problemlər səbəbindən, 2015-ci ildə buraxılan TIR Karnetlərinin sayı 1,5 milyona düşmüşdür. Bu günə qədər 33,000-dən çox beynəlxalq nəqliyyat operatoru (müvafiq milli səlahiyyətli orqanlar tərəfindən) TIR sisteminə çıxış üçün səlahiyyətləndirilib və hər il təxminən 1 milyon TIR karneti istifadə olunur.
Bu tranzit sisteminin uğuru, beynəlxalq yüklərin sərhədlərdən keçməsi üçün nəqliyyat operatorlarına və gömrük orqanlarına sadə, çevik, iqtisadi və təhlükəsiz bir gömrük rejimi təklif edən TIR rejiminin xüsusiyyətləri ilə izah olunur. TIR sistemi Körfəz Əməkdaşlıq Şurası regionunda sürətlə genişlənərək Oman və Birləşmiş Ərəb Əmirliklərindən başlayaraq Səudiyyə Ərəbistanı və ən son qoşulan ölkə olaraq Qətərə qədər yayılaraq sərhədkeçmə vaxtlarını azaldaraq regional ticarəti gücləndirir. Pakistanın (2018), Hindistanın (2018) və Çinin (2019) TIR sistemini tam tətbiq etməsilə regionda nəqliyyat əməliyyatları daha da artmışdır.
Azərbaycan Beynəlxalq Avtomobil Daşımaları Assosiasiyası (ABADA) 1993-cü ilin may ayında təsis edilmişdir. Assosiasiyanın əsas məqsədi Azərbaycan Respublikasında avtomobil nəqliyyatında beynəlxalq yük və sərnişin daşımalarının inkişafına yardım etmək və BYD Konvensiyası şərtlərinin Respublika ərazisində yerinə yetirmək, beynəlxalq avtomobil daşıyıcılarının maraqlarının müdafiəsi və onlara kompleks şəklində kömək etməkdən ibarətdir. ABADA, 1993-cü ilin noyabr ayında qərargahı Cenevrə şəhərində (İsveçrə) yerləşən, beynəlxalq yük daşımaları (BYD) kitabçalarının (TIR Karnet) tətbiqi ilə BYD Konvensiyasının dünya üzrə təminat orqanı olan Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının – BANİ-nin (IRU) üzvlüyünə qəbul olunmuşdur. BYD sisteminə buraxılmasına ABADA-nın hazırlığı BANİ tərəfindən yoxlandığından sonra 1997-ci ilin noyabr ayından başlanmışdır. O vaxtdan ABADA BYD kitabçalarını BANİ-dən alaraq öz üzvlərini həmin kitabçalarla təmin edir. Gömrük orqanlarında buraxılış prosedurundan keçdikdən sonra hər bir nəqliyyat vasitəsi üçün “Yol nəqliyyat vasitəsinin gömrük plombları və möhürləri altında yüklərin daşınması üçün buraxılışı haqqında Şəhadətnamə” verilir. Şəhadətnamə beynəlxalq daşımalar zamanı həmişə nəqliyyat vasitəsində olmalıdır. Onun istifadə müddəti rəsmiləşdirmə günündən etibarən 2 ildir.
BYD kitabçasının tətbiqi
BYD kitabçalarının sahibi və beynəlxalq qarantı BANİ-dir. BANİ, BYD kitabçalarını çap edir və milli zəmanət birlikləri ilə bağlanmış öhdəliklər üzrə müqavilə şərtləri əsasında kitabçaları onlara verir. Milli zəmanət birliyi tərəfindən BYD kitabçalarının öz ölkəsinin daşıyıcılarına verilmə proseduru Bəyannamədə müəyyən olunmuş şərtlərlə − daşıyıcının öhdəliyi ilə həyata keçirilir.
Hazırda 6 və 16 vərəqli BYD kitabçaları istifadə olunur. Hər bir kitabça narıncı üz qabığından və ağ və yaşıl rəngli vərəqlərdən ibarətdir. 1 №-li vərəq ağ, 2 №-li vərəq isə yaşıl rəngdədir. BYD kitabçası 8 dəfə yükləmə boşaltma əməliyyatlarına imkan verir. Öz növbəsində, hər bir vərəq gömrük tərəfindən götürülən qoparılan vərəqdən və BYD kitabçasında qalan ayrılmaz kötükdən ibarətdir. Ağ vərəq ölkəyə girərkən gömrükxanada, həmçinin gedişin əvvəlində yüklərin gömrük rəsmiləşdirilməsi vaxtı qoparılır. Yaşıl vərəq ölkədən çıxarkən gömrükxanada, həmçinin yüklər təyinat məntəqəsinə çatdıqdan sonra gömrük rəsmiləşdirilməsi vaxtı qoparılır. Daşıma başa çatdıqdan sonra BYD kitabçasında bütün qoparılmayan kötüklər gömrük möhürü vurulmaqla rəsmiləşdirilməlidir, ya da istifadə edilməmiş cüt sayda vərəqlər və köklər qalmalıdır. BYD kitabçası yalnız bir gediş üçün, bir tərəfə etibarlıdır. BYD kitabçası, onun rəsmiləşdirilməsi üçün yükgöndərən yerin gömrükxanasına təqdim olunmaq üçün 120 gün ərzində etibarlıdır. Rəsmiləşdirildikdən sonra kitabça təyinat gömrükxanasında daşınma başa çatana qədər etibarlıdır. BYD kitabçası təyinat gömrükxanasında qeydiyyata alındıqdan və ya istifadə müddəti bitdikdən sonra 15 gün ərzində zəmanətçi birliyə qaytarılmalıdır.
BYD sistemində yeniliklər
İlk dəfə 2017-ci ildə Sloveniyadan (Lyublyana) Aralıq dənizilə İtaliya və Tükiyədən keçərək İranın Fars Körfəzinə (Bəndar Abbas) dəmiryolu, su və avtomobil yollarından istifadə etməklə intermodal daşıma edilmişdir. Bu pilot marşrut TIR-ın ən yaxşı tranzit vasitə olduğunu göstərmişdir. Yüklər Latviyadan yola çıxaraq Bəndar Abbas limanından sonra Birləşmiş Ərəb Əmirliklərinə Ro-Ro gəmisi ilə daşınıb və nəhayət Səudiyyə Ərəbistanından keçərək son təyinat nöqtəsi olan Küveytə çatmışdır. 2023-cü ildə “Milton Qrupu”, dənizlə 40 günə çatdırmaq əvəzinə, TIR ilə 13 ölkəni keçərək yalnız 9 günə Avropadan Yaxın Şərqə karqonu daşımışdır. Burada, iki sürücü, regional sürmə və istirahət vaxtı qaydalarına uyğun olaraq təxminən 80% daha qısa yolla yük nəqliyyat vasitəsini ölkələri və gömrükləri problemsiz və intermodal şəkildə keçərək daşımanı yekunlaşdırıblar.
TIR Konvensiyasına qoşulan tərəflər 2003-cü ildə "eTIR Layihəsi" adlanan təşəbbüsü başladıb. Bu layihə, TIR sistemində iştirak edən bütün tərəflər (gömrük orqanları, hüquq sahibləri və zəmanət zəncirləri) üçün "eTIR beynəlxalq sistemi" kimi tanınan mübadilə platforması (Gömrükdən Gömrüyə) təmin etməyi hədəfləyib. Azərbaycan, Gürcüstan, Pakistan, Tunis, Özbəkistan və Beynəlxalq Nəqliyyat İttifaqından (IRU) sonra İranın 2024-cü ildə eTIR beynəlxalq sisteminə qoşulmasıyla artıq 6 ölkənin istifadəsilə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi boyunca yüklərin tranzitinin rəqəmsallaşdırılması effektiv həddə çatmışdır. eTIR beynəlxalq sisteminə qoşulmaqla, milli gömrük administrasiyaları və nəqliyyat operatorları yük məlumatlarını maneəsiz şəkildə mübadilə edə və qəbul edə bilərlər. Bu isə tranzit və risk təhlili üçün tələb olunan vaxt və resursları əhəmiyyətli dərəcədə azalda, tranzitlə bağlı fırıldaqçılığın qarşısını ala bilər. Bu prosesin sürətləndirilməsi baxımından 2018-ci ildə Dövlət Gömrük Komitəsinin də təşkilatçılığı ilə Bakıda “TIR prosedurlarının rəqəmsallaşdırılması vasitəsilə beynəlxalq ticarət və nəqliyyatın asanlaşdırılması” mövzusunda təşkil edilmiş seminar önəmli olmuşdur.
TIR sisteminin tam rəqəmsallaşdırılması üçün yeni qanunvericilik bazası (eTIR adlanır) 25 may 2021-ci ildə qüvvəyə minib və beş qitədə 77 ölkə qoşulub. Bu əlamətdar dəyişiklik TIR sisteminin gömrük zəmanəti altında malların tamamilə sənədsiz transsərhəd tranzitinə imkan verir. eTIR beynəlxalq sistemi (gömrük üçün gömrük) milli gömrük sistemləri arasında TIR Konvensiyasının müddəalarına uyğun olaraq malların, nəqliyyat vasitələrinin və ya konteynerlərin beynəlxalq tranziti haqqında məlumatların təhlükəsiz mübadiləsini təmin edəcək və gömrük nəzarətinə icazə verəcəkdir.
Tranzit prosedurunun elektronlaşdırılması
Dövlət Gömrük Komitəsi və Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) arasında tranzit prosedurunun elektronlaşdırılmasına dair hüquqi sənəd - protokol imzalanıb. Xatırladaq ki, indiyə qədər BMT-nin Avropa İqtisadi Komissiyasının “BYD Kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında Gömrük Konvensiyası” çərçivəsində həyata keçirilən yük daşımaları kağız sənəddən ibarət olan BYD Kitabçası (TIR Carnet) vasitəsilə müşayiət olunurdu. İqtisadi proseslərin qloballaşması, ticarət əlaqələrinin yeni formalarının meydana çıxması, eləcə də idxal-ixrac əməliyyatlarının sürətli artımı müasir prinsip və üsullarla fəaliyyət göstərən BYD Kitabçası ilə yük daşımalarının önəmini daha da artırıb. Artan tələbin sürətli və asan şəkildə qarşılanması məqsədilə Konvensiyanın BYD prosedurunun tam elektronlaşdırılması ilə bağlı hüquqi çərçivəni təşkil edən yeni 11-ci Əlavəsi hazırlanıb və sənəd qüvvəyə minib. Yəni BYD Kitabçası ilə yanaşı, onun elektron forması olan eTIR-in tətbiqinə başlanıb.
Dövlət Gömrük Komitəsi və ABADA arasında 14 iyul 2016-cı il tarixində imzalanmış “BYD kitabçaları üzrə Zəmanət Müqaviləsi”nə əlavələr edilməsinə dair protokol eTIR prosedurunun ölkəmizdə tətbiqini reallaşdırmaq üçün hüququ sənəddir. eTIR üzv dövlətlərə daşımalarda səmərəliliyin artırılmasına, beynəlxalq nəqliyyat qovşaqlarının və marşrutlarının, eləcə də yüklərin sərhəddən keçirilməsinin təkmilləşdirilməsinə, nəqliyyat və logistika proseslərinin asanlaşdırılması və təhlükəsizliyinin təmin edilməsinə şərait yaradacaq.
Beynəlxalq eTIR sistemi BYD Konvensiyasına uyğun olaraq malların, nəqliyyat vasitələrinin və ya konteynerlərin beynəlxalq tranziti zamanı yarana biləcək gömrük ödənişlərinə dair zəmanət məlumatlarının idarə edilməsini və milli gömrük orqanları arasında etibarlı məlumat mübadiləsini təmin etmək üçün nəzərdə tutulub. Beləliklə, eTIR beynəlxalq sistemi eTIR prosedurunun işləməsi üçün tələb olunan məlumat axınının elektron qaydada idarə edilməsini ehtiva edir. Bununla belə, TIR proseduru müəyyən marşrut üzrə eTIR proseduru ilə əvəz edilməzdən əvvəl, TIR daşımasında iştirak edən bütün tərəflər bəyannamə, BYD əməliyyatı və zəmanət üzrə məlumatları mübadilə etmək imkanında olmalıdırlar.
Zəmanət Birliyi beynəlxalq, milli və daxili qaydalara uyğun olaraq daşıyıcıya təqdim etdiyi zəmanət üzrə məlumatları standart elektron bildirişlə eTIR beynəlxalq sistemində qeydiyyatdan keçirir. Yeni sistemin tətbiqi sərhədkeçmə proseslərinə sərf olunan vaxtın ən az 20% azalmasına, resurslardan səmərəli istifadə olunmasına, məlumatların öncədən əldə olunmasıyla risk analizləri əsasında gömrük nəzarətinin və rəsmiləşdirilməsinin daha səmərəli, effektiv və sürətli həyata keçirilməsinə şərait yaradacaq.
TIR sisteminin tam rəqəmsallaşdırılması üçün yeni qanunvericilik bazası (eTIR adlanır) 25 may 2021-ci il tarixində qüvvəyə minmişdir. Rəqəmsal TIR proseduru beş qitədə 77 ölkə üçün əlçatan olacaqdır. Bu əlamətdar hadisə TIR sisteminin gömrük zəmanəti ilə əhatə olunan malların bir kağız sənəd olmadan beynəlxalq tranzitinə şərait yaradıb. Beynəlxalq eTIR (gömrük mübadiləsi) sistemi TIR Konvensiyasına uyğun olaraq malların, nəqliyyat vasitələrinin və konteynerlərin beynəlxalq tranzit daşınması ilə bağlı milli gömrük orqanları arasında məlumatların təhlükəsiz mübadiləsini təmin edir. Sistem gömrük orqanlarına sistemdən istifadə etməyə icazə verilmiş TIR karnesi sahiblərinə zəmanət zənciri tərəfindən verilən zəmanətlər haqqında məlumatları idarə etməyə imkan verir.
Azərbaycanın da 2022-ci ildən etibarən qoşulduğu 11-ci Əlavə, bu Gömrük Konvensiyası ilə tənzimlənən tranzit prosedurunun elektronlaşdırılması üçün hüquqi sənəddir. Bu sənəd üzv dövlətlərə daşımalarda səmərəliliyin artırılmasına, beynəlxalq nəqliyyat qovşaqlarının və marşrutlarının təkmilləşdirilməsinə, yüklərin sərhəd nəzarətindən keçirilməsinin optimallaşdırılmasına, nəqliyyat və logistika sisteminin inkişafı və bu proseslərin asanlaşdırılması və təhlükəsizliyinin təmin edilməsinə şərait yaradacaq.
Nəticə
70 ildən artıqdır ki, BYD sistemi ticarət prosedurlarını sürətləndirir və sadələşdirir, onları daha təhlükəsiz edir. Rəqəmsallaşma üçün hüquqi baza - BYD karnetləri altında malların beynəlxalq daşınmasına dair Birləşmiş Millətlər Təşkilatının Gömrük Konvensiyasına yeni 11-ci Əlavə qlobal ticarət və malların multimodal daşınması üçün TIR-nin üstünlüklərini gücləndirəcək və genişləndirəcək.
Qlobal ticarət tədricən rəqəmsal sistemlərə keçdikcə, eTIR 21-ci əsr üçün yeni texnologiyalardan istifadə etməklə yol və intermodal nəqliyyatın rəqəmsallaşdırılmasına imkan verən unikal həll təklif edir. Əvvəlcə kağız sənədlərə əsaslanan TIR sistemi artıq tam rəqəmsal prosedurdan istifadə etmək imkanı verir ki, bu da yüklərin beynəlxalq daşınmasını daha da sürətləndirməyə, onların səmərəliliyini və təhlükəsizliyini artırmağa imkan verir.
Nəqliyyat operatorlarına, IRU-ya və milli assosiasiyalara Gömrük orqanları ilə məlumat mübadiləsi aparmağa, əvvəlcədən yük məlumatlarını göndərməyə və zəmanət statusu və ya iddiaların işlənməsi kimi müxtəlif məlumatları izləməyə imkan verən bir neçə TIR İT alətləri mövcuddur. Real vaxt rejimində işləyən TIR sisteminin rəqəmsal alətləri TIR sisteminin iştirakçıları arasında çoxtərəfli məlumat mübadiləsinə imkan verir və bütün TIR nəqliyyat subyektləri arasında məlumat mübadiləsi üçün etibarlı və təhlükəsiz platforma təklif edir, ticarətin və iqtisadi səmərəliliyin inkişafına kömək edir.
Elvin Əlirzayev, i.ü.f.d. Dövlət Gömrük Komitəsinin Akademiyası,
Nicat Kərimov, t.ü.f.d. Bakı Mühəndislik Universiteti