Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) və Dövlət Gömrük Komitəsi yanında İctimai Şura arasında işgüzar görüş keçirilib
15 iyul 2026-cı il tarixində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) yanında İctimai Şura arasında işgüzar görüş keçirilib.
Görüşdə gömrük təmsilçiliyi və logistika sektorlarının mövcud vəziyyəti, qarşıda duran çağırışlar, inkişaf perspektivləri, eləcə də dövlət-özəl sektor əməkdaşlığının daha da gücləndirilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində ölkədə gömrük təmsilçiliyi və logistika institutunun inkişafı , logistika şirkətlərinin maliyyələşmə imkanlarının genişləndirilməsi, gömrük anbarlarının infrastrukturunun müasirləşdirilməsi, logistika sektorunda sığorta mexanizmlərinin təkmilləşdirilməsi kimi istiqamətlər üzrə müzakirələr aparılıb.
Tərəflər dövlət-özəl sektor tərəfdaşlığının institusional əsaslarının daha da möhkəmləndirilməsinin, sahibkarlıq subyektlərinin qarşılaşdığı məsələlərin birgə müzakirə və həll mexanizmlərinin təkmilləşdirilməsinin vacibliyini vurğulayıblar.
Görüşün sonunda müzakirə olunan məsələlər üzrə əməkdaşlığın davam etdirilməsi, qarşılıqlı fikir mübadiləsinin intensivləşdirilməsi və bu formatda görüşlərin mütəmadi əsasda keçirilməsi barədə razılıq əldə olunub.




#AGTL #DGK #gömrük #logistics #customs

