Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin nəbzinin Azərbaycanda döyünməsi və bu dəhlizlə yükdaşımaları sürətləndirəcək infrastrukturun sağlamlaşdırılması ölkəmizin regionda tranzit və logistika mərkəzi kimi rolunu günü-gündən artırmaqdadır. Sirr deyil ki, Şimal-Cənub nəqliyyat dəhlizinin də Azərbaycandan keçməsi çox önəmli faktordur. Xatırladaq ki, 2020-ci ildə Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) təsis edilib. Əsasən sektordakı şirkətlərin fəaliyyətini əlaqələndirməyi hədəfləyən bu təşkilatın ətrafında artıq 52 üzv birləşib.
Ölkə daxilində logistika və gömrük sektorunun rəqəmsallaşması, innovasiyaların tətbiqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər və KOB-lara dövlət dəstəyinin üzv şirkətlərə necə təsir etdiyi ilə bağlı Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyasının icraçı direktoru Vüsal Qasımov ilə həmsöhbət olduq. Yeri gəlmişkən, AGTL-in üzvlərinin 70 faizi gömrük, 30 faizi isə logistika şirkətlərini təmsil edən kiçik və orta bizneslərdir. Təşkilat Azərbaycanı Beynəlxalq Gömrük Brokerləri Assosiasiyasında (IFCBA) təmsil edir.
- Vüsal müəllim, gəlin əvvəlcə elə beynəlxalq əməkdaşlıqdan başlayaq. Yerli şirkətlərimiz bu əməkdaşlıqdan necə faydalanır?
- Assosiasiya olaraq məqsədimiz logistika və təchizat zənciri sahəsində innovasiyaları və ən yaxşı təcrübələri təşviq etməkdir. Bununla yanaşı, yüklərin keçidi və gömrük rəsmiləşdirilməsi ilə bağlı qabaqcıl təcrübələri öyrənir və bunu təşviq etməyə çalışırıq. Orta Dəhlizlə bağlı ölkəmizin təşəbbüslərini dəstəkləyir və nəqliyyat, eləcə də gömrük sənədlərinin rəqəmsallaşdırılması haqqında təkliflərlə çıxış edirik. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Assosiasiyası (TITR), TRACECA, Avropa Logistika Assosiasiyası (ELA), Amerika Milli Gömrük Brokerləri və Ekspeditorları Assosiasiyası (NCBFA) və Beynəlxalq Ekspeditorlar Federasiyası (FIATA) kimi beynəlxalq nəqliyyat və logistika təşkilatları ilə yaxın əlaqələrimiz var.
AGTL-in Türkiyə, Qazaxıstan, ABŞ, Niderland və Tacikistanın müvafiq qurumları və assosiasiyaları, TOBB (Türkiye Odalar ve Borsalar Birliği) ilə qarşılıqlı əməkdaşlığa dair memorandumları var. Ötən ilin sentyabrında Tacikistanın İqtisadi İnkişaf və Ticarət Nazirliyinin rəsmiləri ilə keçirilən korporativ görüşdə iki ölkə arasında gömrük və logistika sektoru üzrə qarşılıqlı əməkdaşlıq haqqında müzakirələr aparılıb. İdxal və ixrac ilə məşğul olan şirkətlərə gömrük və logistika sahəsində dəstək üzrə birgə əməkdaşlıq nəzərdə tutan müqavilələrdən biri ötən il Türkiyənin "Lojistik Hizmet Sağlayıcıları Derneği", digəri isə Qazaxıstanın “İriqabaritli və ağırtonnajlı yük daşıyıcıları Milli Assosiasiyası" ilə imzalanıb.
Xarici assosiasiyalar, beynəlxalq nəqliyyat və gömrük təşkilatları ilə əməkdaşlığımız onların nümunəvi təcrübələrini Azərbaycana inteqrasiya etməyə hesablanıb. Məhz belə əlaqələrin sağlam şəkildə qurulması yerli üzv şirkətlərin beynəlxalq logistika şəbəkələrinə inteqrasiyası üçün bir platforma rolunu oynayır. Bu baxımdan, xarici ölkələrlə memorandumların imzalanması, onların təcrübəsinin öyrənilməsi üzvümüz olan KOB-lara müsbət təsir edir və nəticə etibarilə bu, Azərbaycanın beynəlxalq tranzit mərkəzi kimi mövqeyinin güclənməsinə xidmət edir.
- Logistika və gömrük təmsilçiliyi şirkətləri üçün göstərilən xidmətlərin səmərəliliyinin artırılması və tranzit əməliyyatların inkişaf etdirilməsi üçün hansı işlər görülür?
- Bu istiqamətdə nəzərəçarpacaq işlər aparırıq. İlk növbədə, gömrük prosedurlarının sadələşdirilməsi və rəqəmsallaşdırılması təşəbbüsümüzü qeyd etmək istərdim. Çünki gömrük və logistika əməliyyatlarında rəqəmsallaşma səmərəliliyi əhəmiyyətli dərəcədə artırır. Müvafiq dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində sadələşdirilmiş və sürətli gömrük prosedurlarının tətbiqinə dair təkliflər irəli sürürük. Elektron gömrük sistemlərinin (e-gömrük) geniş tətbiqi və logistika əməliyyatlarının rəqəmsal idarə olunması istiqamətində maarifləndirmə və texniki dəstək veririk. Bəyannamələrin elektron təqdimatı, risk əsaslı yoxlamaların tətbiqi və əvvəlcədən məlumatlandırma sistemlərinin təkmilləşdirilməsi sahəsində işlərə də töhfə veririk. Bununla yanaşı, tranzit yüklərinin ölkə ərazisindən fasiləsiz və sürətli keçidi üçün gömrük və sərhəd-keçid məntəqələrindəki proseslərin optimallaşdırılmasına dair rəy və təkliflərimizi aidiyyəti orqanlara təqdim edirik. Digər tərəfdən isə Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində (TRASEKA, Orta Dəhliz, Şimal-Cənub və s.) rolunun gücləndirilməsi üçün üzv şirkətləri bu imkanlardan effektiv istifadə etməyə təşviq edirik. Sırf bu istiqamətdə logistika şirkətləri üçün marşrut planlaşdırılması, yükləmə-boşaltma və anbar sistemlərinin səmərəliliyini artırmaq üçün təlim və məsləhət xidmətlərimizin olduğunu vurğulamaq istərdim.
Tənzimləyici qurumlarla koordinasiya quraraq normativ-hüquqi aktlara dəyişikliklərlə bağlı rəy və təkliflər verir, səmərəli və əlverişli biznes mühitinin formalaşmasına çalışırıq. Gömrük və logistika üzrə ixtisaslaşmış kadrların hazırlanması məsələsi də bizim üçün əsas prioritetlərdən olaraq qalır. Belə ki, mövcud işçi qüvvəsinin biliyinin artırılması məqsədilə seminarlar, təlimlər və təcrübə proqramları həyata keçirir, beynəlxalq təcrübəyə uyğun olaraq tranzit və gömrük hüququ, beynəlxalq daşıma qaydaları və risk menecmenti mövzularında praktiki biliklər təqdim edirik.
- Ən son yerli və beynəlxalq layihələriniz haqqında oxucularımıza məlumat verərdiniz...
- Həm bu il, həm də yola saldığımız 2024-cü ildə həyata keçirdiyimiz layihələr üzərində dayanmaq istərdim. Bu zaman kəsiyində 30-dan çox G2B (Government to Business) və 50-dən artıq B2B (Business-to-Business) görüşlər təşkil etmişik. Hesab edirəm ki, məhz həmin görüşlər KOB subyektlərinə həm öz aralarında, həm də dövlət qurumları ilə əməkdaşlığı gücləndirmək imkanı verir. Ötən il ən yaddaqalan tədbirimiz oktyabrın 7-də baş tutdu. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və AGTL-in birgə təşkilatçılığı ilə Azərbaycan Ticarət Forumu keçirildi. Forum çərçivəsində üzvlərimiz sahənin inkişafı və azad ticarətin təşviqi, gömrük prosedurlarının asanlaşdırılması və optimallaşdırılması üzrə G2B müzakirələr aparmaq şansı əldə etdilər. Assosiasiyamız ətrafında birləşən KOB-ların öz fikir və təkliflərini bildirməsi üçün əsl meydan olan bu forumun növbəti illərdə də keçirilməsi qərara alındı.
Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) AGTL qlobal şirkətlərlə birlikdə sıfır emissiya memorandumuna qoşularaq öz mövqeyini bəyan etdi. Bakı KOB Evində ABŞ-dən olan “Calstart/Drive to Zero” təşkilatı ilə bəyannamə imzaladıq.
Biznes assosiasiyası olaraq, üzvlərimizin sahə üzrə iqtisadi maraqlarının qorunması, dayanıqlı inkişafının təmin olunması üzrə bütün lazımi tədbirlər görülür, addımlar atılır və onlar AGTL tərəfindən yeni layihə və proqramlara cəlb edilirlər.
- Assosiasiyada KOB subyektlərindən olan iş adamlarının birləşdirildiyini dediniz. KOB-lara göstərilən dəstəyin onlara hansı təsirləri olub?
- Bizim KOB-lara göstərdiyimiz dəstək bütövlükdə gömrük və logistika sektorunun dayanıqlı inkişafına təkan verir. Müsbət dəyişiklik hiss etdiyimiz bir neçə konkret istiqamətə diqqətinizi çəkmək istərdim.
Rəqabətqabiliyyətliliyin artması: Dövlətin və AGTL-in göstərdiyi maliyyə və hüquqi dəstək və təlimlər üzv şirkətlərimizin bazarda rəqabətədavamlılığını artırır. Digər tərəfdən, KOB-ların innovasiya və texnologiyaya çıxışı asanlaşır ki, bu da onların öz logistika xidmətlərini daha sürətli və keyfiyyətli göstərməsinə imkan yaradır.
Yeni bazarlara çıxış: Dəstək mexanizmi çərçivəsində assosiasiyamıza üzv şirkətlər yarmarkalar, B2B görüşlər və beynəlxalq sərgilərdə iştirak imkanlarından faydalanırlar. Sirr deyil ki, dövlətin ixrac təşviqləri və logistika marşrutları üzrə subsidiyaları sayəsində regiondaxili və beynəlxalq bazarlara inteqrasiya xeyli sürətlənib.
Qanunvericilik və inzibati mühit: Assosiasiya vasitəsilə KOB-ların səsi dövlət qurumlarına çatdırılır və onların təklifləri qanunvericilikdə real dəyişikliklərə səbəb olur. Gömrük və nəqliyyat prosedurlarının sadələşdirilməsi sayəsində əməliyyat xərcləri müəyyən qədər azalıb, zaman itkiləri isə minimuma enib.
İnsan resurslarının inkişafı: Təlim proqramları, peşəkar inkişaf kursları və sertifikatlaşdırma imkanları KOB-ların ixtisaslı kadr potensialını artırıb. Sözsüz ki, bu da daha effektiv komanda işi və müştəriyönümlü xidmətlər ilə nəticələnir.
Əməkdaşlıq, şəbəkələşmə və dayanıqlı inkişaf: Assosiasiya daxilində üzv şirkətlər arasında təcrübə mübadiləsi və ortaq layihələrin icrası üçün platforma yaradılıb. Bu, sektor daxilində yerli sinerji və innovativ yanaşmaların formalaşmasına imkan verir. KOB-lara göstərilən ekoloji, sosial və idarəetmə (ESG) yönümlü təşviqlər sayəsində şirkətlər davamlı inkişaf prinsiplərini mənimsəyirlər. Nəticədə üzv şirkətlər daha etibarlı tərəfdaş və beynəlxalq bazarda arzuolunan operatorlara çevrilirlər.
KOB-lara göstərilən dəstəklə bağlı fikirlərimi konkretləşdirsəm, bunun şirkətlərin operativliyini, maliyyə dayanıqlığını və strateji inkişaf imkanlarını əhəmiyyətli dərəcədə gücləndirdiyini deyərdim. Bu məqamda bizim üzərimizə düşən ən böyük iş kiçik və orta gömrük-logistika şirkətlərinin güclü regional və qlobal oyunçulara çevrilməsinə dəstək olmaqdır.
Yeri gəlmişkən, AGTL KOBİA yanında İctima Şuranın üzvü olan 15 biznes assosiasiyasından biridir. İctimai Şura daxilində biznes assosiasiyası olaraq, üzvlərimizin sahə üzrə iqtisadi maraqlarının qorunması, dayanıqlı inkişafının təmin olunması üzrə bütün lazımi tədbirlər görülür, addımlar atılır və onlar AGTL tərəfindən yeni layihə və proqramlara cəlb edilirlər.
- Assosiasiya tərəfindən beynəlxalq yük daşımaları sisteminin inkişafına nə kimi qatqı verilir?
- Bu sistemin inkişafına bir çox istiqamətdə dəstək göstəririk. Öncə onu vurğulamaq istərdim ki, biz gömrük və nəqliyyatla bağlı qanunvericiliyin təkmilləşdirilməsi üzrə aparılan ictimai müzakirələrdə aktiv iştirak edirik. Sektorun real ehtiyaclarına əsaslanan təkliflər irəli sürürük. Assosiasiya beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edərək, Azərbaycanın logistika və gömrük sistemlərini beynəlxalq standartlara uyğunlaşdırmağa çalışır. Bu da təbii ki, ölkəmizin tranzit potensialını artırır və beynəlxalq yük daşımalarının effektivliyini yüksəldir. Biz üzv şirkətləri rəqəmsal həllərin tətbiqinə təşviq edir, müasir logistika texnologiyalarının tətbiqini dəstəkləyirik. E-ticarət, rəqəmsal gömrük bəyannamələri və avtomatlaşdırılmış sistemlər sahəsində maarifləndirmə işləri aparırıq. Assosiasiyamız həm milli, həm də regional səviyyədə yük daşımalarının səmərəli, rəqabətədavamlı və dayanıqlı inkişafına əhəmiyyətli töhfələr verir.
- Kibertəhlükəsizliklə bağlı hansı işlər görülür?
- Sözsüz ki, kibertəhlükəsizlik məsələləri artıq logistik əməliyyatların ayrılmaz tərkib hissəsinə çevrilib. Bunu ciddiyə alan assosiasiyamız nəqliyyat və gömrük sektorunda fəaliyyət göstərən KOB-ların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması və dayanıqlılığın artırılmasını vacib hesab edir. Sadə dillə desək, sektorda rəqəmsal transformasiya sürətlənir və bununla bərabər təhlükəsizlik riskləri də yüksəlir. O da sirr deyil ki, rəqəmsallaşma fonunda bu sahənin təhlükəsizliyi iqtisadi sabitlik və xidmətlərin fasiləsizliyi üçün həyati əhəmiyyət daşıyır. Bütün bu riskləri nəzərə alaraq, üzv şirkətlər üçün kibertəhlükəsizlik sahəsində maarifləndirici tədbirlər təşkil edir, seminarlar, vebinarlar və interaktiv təlimlər vasitəsilə real riskləri və onların qarşısının alınması yollarını geniş müzakirə edirik. Məsələn, fayl təhlükəsizliyi, şəbəkə müdafiəsi, məlumatların şifrələnməsi və sosial mühəndislik hücumlarının qarşısının alınması mövzularında mütəxəssislərin iştirakı ilə uğurlu təlimlərimiz olub. Gömrük və logistika əməliyyatlarında istifadə olunan ERP (Enterprise Resource Planning) sistemləri, avtomatlaşdırılmış anbar idarəetməsi, GPS izləmə sistemləri və elektron bəyannamə platformalarının təhlükəsizliyinə xüsusi diqqət ayrılır və bütun bu sadalanan sistemlərlə bağlı şirkətlərimizə təlimatlar göndərilir. Üzvlərimizi davamlı yenilənən antivirus proqramları, “firewall”lar və ikifaktorlu autentifikasiya (2FA) kimi qabaqlayıcı tədbirlərlə təmin olunmağa təşviq edirik. Kibertəhlükəsizliklə bağlı dəstək bununla yekunlaşmır. Şirkətlərə kibertəhlükə hadisələrinə qarşı operativ cavabvermə mexanizmləri barədə tövsiyələr, İT təhlükəsizlik üzrə daxili protokolların və təcili müdaxilə planlarının hazırlanması istiqamətində konsultativ dəstək göstəririk. Qurduğumuz beynəlxalq əlaqələr kibertəhlükəsizlik məsələsində də köməyimizə çatır. Belə ki, xarici tərəfdaşlarla onların öz ölkələrində logistika və nəqliyyat sektorunda tətbiq etdikləri qabaqcıl kibermüdafiə texnologiyaları barədə məlumat mübadiləsi aparırıq.
Mənbə - Vergilər.az